Füzuli Rüstəmov Azərbaycanın Milli Qəhrəmanı, Xocalı soyqırımı şəhididir.
Füzuli Salah oğlu Rüstəmov 25 dekabr 1965-ci il Tərtər rayonunun Hüsənli kəndində anadan olmuşdur. Ata və anasını erkən itirən Füzuli Xocalıda babası Kərim kişinin himayəsində böyümüşdür. Burada səkkizillik məktəbi bitirən Füzuli ağır şəraitdə yaşadığından məktəbi bitirən kimi işləməyə başlayır.
Qəlbi daima Vətən eşqi ilə dolu olan Füzuli 1989-cu ildə kəndlərinə yaxın olan erməni postuna hücum edərək oranı dağıtmışdı. Bundan ötrü ona 4 ay həbs cəzası verildi. 1990-cı ildə ermənilərin Xankəndinə gedişinin qarşısını almaq üçün Xocalı aerportunu partlatmaq lazım gəldi. Dörd nəfərlik qrup yaradılanda Füzuli də bu qrupun üzvü oldu və əməliyyatı uğurla başa vurdular. Xocalı faciəsi zamanı onlarla dinc sakini xilas edən Füzuli Azərbaycanın Milli Qəhrəmanı Aqil Quliyevi də yaralı vəziyyətdə döyüş meydanından çıxarmağa müvəffəq olmuşdu. Neçə-neçə insanı xilas edən cəsur döyüşçü boynundan ağır güllə yarası aldı, onu Ağdam Mərkəzi Xəstəxanasına çatdırsalar da, artıq gec idi Füzuli xeyli qan itirmişdi.
Subay idi.
Azərbaycan Respublikası Prezidentninin 25 fevral 1997-ci il tarixli 553 saylı Fərmanı ilə Rüstəmov Füzuli Salah oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilmişdir.
Tərtər rayonunun Hüsənli kəndində dəfn edilib.